CƏMİYYƏT


Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəylinin moderatorluğu ilə tədbir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə reallaşıb.

“Qurani-Kərim”in tilavəti ilə başlayan konfransda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Prezident İlham Əliyevin milli mədəniyyətimizə, xalqımızın tarixi dəyərlərinə göstərdiyi böyük diqqətin təzahürüdür. Qeyd edib ki, ulu öndər Heydər Əliyev Suriyaya səfəri zamanı Nəsiminin qəbrini ziyarət etdi. Bununla da Nəsimiyə və onun yaradıcılığına baxış dəyişdi. Nəsimi haqqında çoxlu əsərlər yazılıb. Lakin onun yaradıcılığının tədqiqi istiqamətində hələ də böyük işlər görülməlidir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar dahi şair İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, keçmiş Sovetlər İttifaqı dövründə Nəsiminin ateist kimi təqdim olunması tamamilə yanlış idi. Böyük şair öz əsərlərində dəfələrlə müsəlman olması ilə qürur duyduğunu dilə gətirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu ilin "Nəsimi ili" elan etməsi təkcə Nəsiminin deyil, eyni zamanda, digər böyük mütəfəkkirlərimizin də yaradıcılığının araşdırılması baxımından əhəmiyyətlidir. Bu gün biz tariximizə qayıdırıq. Bu, böyük bir qayıdışdır. Çünki uzun illər tariximizi araşdırmaq bizim öz əlimizdə olmayıb. Bu gün biz tariximizə yenidən baxır və böyük şəxsiyyətlərimizə lazım olan qiyməti veririk.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamının Nəsiminin yaradıcılığına yenidən baxılması istiqamətində böyük əhəmiyyət daşıdığını bildirib. V.Əliyev deyib ki, Nəsimi öz düşüncəsinə, əqidəsinə sadiq mütəfəkkir olub. Nəsimi gənclərimiz üçün böyük örnəkdir. Ulu öndər Heydər Əliyev də böyük şairin yaradıcılığının araşdırılmasına xüsusi diqqət yetirirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, “Nəsiminin şeirləri nə deyir?” kitabının müəllifi Vüsal Hətəmov, Tehran Ali məktəblərinin türk və fars dilləri üzrə müəllimi Hüseyn Məhəmmədzadə Sədiğ, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu və digər çıxış edənlər Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalan və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradan dahi mütəfəkkirin yaradıcılığının müxtəlif məqamlarına toxunublar. Bildirilib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub, hürufilik təlimini təbliğ etməkdən dönməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.