DÜNYA


Yaponiya və ABŞ liderləri iki ölkə arasındakı ittifaqı daha da möhkəmləndirmək barədə razılığa gəliblər

Tokio, 21 sentyabr, AZƏRTAC

Yaponiyanın Baş Naziri Yoşihide Suqa və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasındakı ittifaqı daha da möhkəmləndirmək üçün birgə fəaliyyət barədə razılığa gəliblər.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə razılaşma bazar günü liderlərin telefon danışığı zamanı əldə edilib. Təqribən 25 dəqiqə davam edən telefon danışığı Y.Suqanın sentyabrın 16-da Baş Nazir vəzifəsinə təsdiq olunmasından sonra iki liderin ilk təması olub.

ABŞ Prezidenti ilə telefon danışığından sonra Y.Suqa jurnalistlərə bildirib ki, D.Tramp regionda sülhün və sabitliyin əsası hesab edilən iki ölkənin ittifaqının möhkəmlənməsi üçün onunla birlikdə çalışacağını qeyd edib.

Bununla yanaşı, Y.Suqa ABŞ Prezidentindən oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı problemin həlli üçün yardım göstərməsini xahiş edib. D.Tramp problemin həlli üçün Yaponiya ilə sıx əməkdaşlıq ediləcəyini bildirib.

Eyni zamanda, liderlər COVID-19 virusuna qarşı peyvəndin və digər dərmanların hazırlanması üçün birgə fəaliyyət barədə razılıq əldə ediblər.

Y.Suqa və D.Tramp azad və açıq Hind-Sakit Okean regionunun qurulması üçün birgə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıblar.

ABŞ Prezidenti fövqəladə vəziyyət yaranacağı təqdirdə, Y.Suqanın telefon zəngini sutkanın istənilən saatında qəbul etməyə hazır olduğunu da bildirib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.