REGİONLAR
15 İyun - Milli Qurtuluş Günü Şirvanda silsilə tədbirlərlə qeyd edilib
Şirvan 15 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar şəhərin idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilib.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Milli Qurtuluş Gününə həsr olunmuş ümumşəhər tədbiri şəhərin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, şəhərin hüquq mühafizə orqanlarının, şəhərdə fəaliyyət göstərən regional təşkilatların rəhbərləri, ictimai-siyasi qurumların nümayəndələri abidə önünə gül dəstələri düzərək, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət edib, Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətindən, müasir müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafından bəhs edən eksponatlarla tanış olublar.
Mərkəzdə keçirilən “Heydər Əliyev - müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusudur” mövzusuna həsr olunan elmi-nəzəri konfrans dövlət himninin ifası ilə başlanıb. Mənalı ömrünü Azərbaycan dövlətinin və xalqının inkişafına həsr edən ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Heydər Əliyev - müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusudur” mövzusunda məruzə ilə çıxış edib. O, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının ictimai-siyasi, mədəni, iqtisadi inkişafına xidmət edən şərəfli ömür yolunun mühüm məqamlarından danışıb. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafına xidmət edən siyasi kursunun bu gün Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident, Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin də ulu öndər Heydər Əliyevin bəxş etdiyi milli qurtuluşun davamı kimi dəyərləndirib.
Konfransda çıxış edən Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb, Milli Qurtuluş Gününün ölkəmiz üçün əhəmiyyətini qeyd ediblər.
Sonda konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edən “Millət Atası” sənədli filmini izləyiblər.
Milli Qurtuluş Gününə həsr edilən tədbir günün ikinci yarısında Məhəmməd Füzuli adına Mədəniyyət və istirahət parkında davam edib. Gənc idmançıların nümunəvi çıxışları izlənilib.
Sonra tədbir iştirakçıları şəhərin ümumi təhsil məktəbləri şagirdlərinin və tanınmış rəssam Arzu İmanovanın yetişdirdiyi gənc rəssamların ulu öndər Heydər Əliyevə, Milli Qurtuluş Gününə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Şirvan Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən özfəaliyyət kollektivi, şəhər musiqi məktəbin müəllim və şagirdləri, 1 nömrəli məktəbin xor kollektivi konsert proqramı ilə çıxış ediblər. Tədbir atəşfəşanlıqla başa çatıb.