ELM VƏ TƏHSİL
1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün qəbul planı ayrılmışdır
Bakı, 8 iyul (AZƏRTAC). Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına 20 plan yeri ayrılmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2014-cü il avqustun 7-dək TQDK-ya (ünvan: Bakı şəhəri, Akademik H. Əliyev küçəsi 17) və TQDK-nın Regional bölmələrinə təqdim etməlidirlər: Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış; yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086), “Abituriyentin elektron ərizəsi” (1-30 aprel tarixdə elektron ərizəsini təsdiq etmiş abituriyentlər); 1-30 aprel tarixdə elektron ərizəsini təsdiq etməmiş gözdən əlil abituriyentlər ümumi qaydada qeydiyyatdan keçmək üçün tələb olunan sənədləri (bax http://tqdk.gov.az/exam/bachelor/announcement/) 2014-cü il 21 iyul tarixədək şəxsən TQDK-ya və ya Regional bölməyə təqdim etməlidirlər. Elektron ərizələrini iyul ayında təsdiq etdirmiş gözdən əlil abituriyentlər üçün “İdman və müalicə masajı” ixtisasına qəbul imtahanı 27 iyul tarixində keçiriləcəkdir.
“İdman və müalicə masajı” ixtisası üzrə müsabiqə Ana dili və kimya fənləri üzrə toplanılan ballar əsasında aparılacaqdır.