CƏMİYYƏT
Nüsret Işıl: "TEKNOFEST Azərbaycan"da fobiya müalicəsində istifadə olunan cihazımızı nümayiş etdiririk
Bakı, 27 may, AZƏRTAC
Üç ildir "TEKNOFEST"in bütün yarışlarında iştirak edirik. Azərbaycanda keçirilən festivala bütün məhsullarımızı gətirə bilməsək də, stendimizdə bəzilərini nümayiş etdirə bilirik. Vətəndaşların marağı kifayət qədərdir. Qardaş ölkədə keçirilən festivalda iştirakdan məmnunuq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Hasan Kalyoncu Universitetinin nümayəndəsi Nüsret Işıl deyib.
Onun sözlərinə görə, universitet adətən proqram təminatı və kompüter mühəndisliyi sahələrində layihələr ərsəyə gətirir: "Bir neçə layihəmiz isə mexanika, elektronika sahələrinə aiddir. Elektromobil, pilotsuz uçuş aparatları, turizm texnologiyaları yarışlarında iştirak edirik. Bu il universitetimizdən "TEKNOFEST Azərbaycan"a təxminən 1400 layihə müraciəti var. Ali təhsil müəssisəmiz Türkiyədə vəqf universitetlər arasında "TEKNOFEST"ə ən çox layihə təqdim edib.
N.Işıl stenddə nümayiş etdirilən məhsullar haqqında məlumat verərək deyib: "Festivala fobiya müalicəsində istifadə olunan cihazımızı da gətirdik. İnsanlar arasında heyvanlara qarşı və yüksəklik qorxusu olanlar həmin cihaz vasitəsilə virtual aləmə səyahət edə və fobiyadan qurtula bilərlər. Digər layihəmiz turizm texnologiyaları yarışmasında beşinci olan bir gözlükdür. Məlumdur ki, Qaziantepdə məşhur Zeuqma Mozaika Muzeyi var. Türkiyənin ikinci böyük mozaika muzeyidir. Həmin muzeyi virtual olaraq səyahət etmək mümkündür. Belə ki, bunun üçün nümayiş etdirdiyimiz gözlükdən istifadə yetərlidir. Bununla yanaşı, universitetin düşərgəsini də gözlük vasitəsilə virtual olaraq gəzmək imkanı var".