SİYASƏT
28 May - Respublika Günü ilə bağlı Buenos-Ayresdə keçirilən tədbir dünyanın ispandilli mətbuatının diqqət mərkəzində
Bakı, 29 may, AZƏRTAC
Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən Buenos-Ayresdə 28 May - Respublika Günü münasibətilə qəbul və “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə olunmuş tərəqqi, ölkəmizin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, birinci Avropa Oyunları, bu Oyunların yüksək səviyyədə təşkili məqsədilə ölkəmizdə görülən tədbirlər barədə danışıb. Səfir son illərdə Azərbaycan-Argentina əlaqələrinin inkişafından da söhbət açıb və Argentina hökumətinə bu xüsusda verdiyi dəstəyə görə təşəkkür edib.
Sonra “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib.
Qəbulda Argentinanın yüksək səviyyəli rəsmiləri, parlamentarilər, siyasi partiyaların, diplomatik korpusun, elmi, işgüzar dairələrin, mədəniyyət, idman sektorlarının təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirlə bağlı nüfuzlu “EFE America” informasiya agentliyi tərəfindən xüsusi olaraq hazırlanmış “Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarını Buenos-Ayresdə təqdim edir” adlı videoreportaj və “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı Buenos-Ayresə gəlib” sərlövhəli məlumat dünyanın ispandilli mətbuatının böyük marağına səbəb olub. Həmin videoreportaj və məlumat “MSN”, “Television Data 99”, “Eurosport Yahoo”, “Noticias Terra”, “Hola Ciudad”, “Que Pasa”, “Worldnewsenespanol”, “TRT Espanol” və digər KİV-lərin portallarında da yayılıb.
Məlumatlarda tədbirlə yanaşı, Azərbaycanın sürətli iqtisadi inkişafı, Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işlər diqqət mərkəzində olub, səfir M.Əhmədzadədən götürülən müsahibədən hissələr verilib, habelə ölkəmizin inkişafını göstərən kadrlar əks olunub.