Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
Xocavənd, 30 sentyabr, AZƏRTAC
Bu gün Xocavənd şəhərinə köçən ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 16 ailə olmaqla 55 nəfər köçürülüb.
12:26
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Xocavənd şəhərinə 16 ailə olmaqla 55 nəfər köçürülüb. Köçürülən sakinlərin məskunlaşması üçün yaşayış yerində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
Müxbir - Aydın Yavərzadə