DÜNYA
ABŞ İqlimə dair Paris Sazişindən çıxır
Vaşinqton, 2 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp cümə axşamı Birləşmiş Ştatların İqlimə dair 2015-ci il Paris Sazişindən çıxdığını elan edib. Bu Saziş 2015-ci ildə Barak Obama administrasiyası dövründə ABŞ da daxil olmaqla 195 ölkə tərəfindən qəbul edilib.
Tramp özünün seçkiqabağı kampaniyası dövründə seçicilərə vəd etmişdi ki, bu saziş ABŞ-ın iqtisadi mənafelərinə uyğun olmadığı üçün ABŞ həmin sazişdən çıxacaq.
Tramp bəyan edib ki, Vaşinqton onun üçün daha sərfəli, Amerika sənayesinin inkişafına mane olmayan şərtlər daxilində İqlimə dair yeni saziş bağlanmasına dair yeni danışıqlar aparmağa başlayacaq. Paris Sazişinin ABŞ üzərinə “çox ağır öhdəliklər” qoyduğunu vurğulayan Donald Tramp deyib: “Bu saziş - iqlim məsələsindən daha çox, başqa ölkələrin Birləşmiş Ştatların hesabına üstünlük əldə etməsi barədə sənəddir”.
Paris Sazişi İqlim dəyişmələrinə dair BMT-nin Çərçivə Konvensiyası daxilində 2020-ci ildən etibarən atmosferdə karbon qazının azaldılmasına yönəlmiş tədbirləri tənzimləyən paketdir. İqlim məsələlərinə həsr edilmiş Paris Konfransında Kioto Protokolunun əvəzinə hazırlanmış bu Saziş 2015-ci il dekabrın 12-də konsensusla qəbul edilib və 2016-cı il aprelin 22-də imzalanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton