DÜNYA
ABŞ Yaponiyadakı hərbi bazaların saxlanması ilə bağlı xərclərin bir hissəsinin ödənilməsinə razılıq verib
Tokio, 31 yanvar, AZƏRTAC
ABŞ Yaponiyanın bu ölkədəki hərbi bazaların saxlanması ilə bağlı xərclərin bir hissəsinin ödənilməsi barədə sorğusuna razılıq verib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, ABŞ hökuməti Yaponiya tərəfinin bu ölkədə yerləşən hərbi bazalarının gələn il saxlanması ilə bağlı xərclərin bir hissəsinin ödənməsi barədə təklifini müsbət qarşılayıb.
Qeyd edək ki, Yaponiya və ABŞ arasında həmin xərclərlə bağlı ötən ilin noyabrında başlamış işçi danışıqlar razılıqsız başa çatmışdı. Tərəflər bu məsələdə razılıq əldə etmək üçün danışıqları ötən ilin sonunadək təxirə salmışdılar.
İki ölkə arasında hərbi bazaların məsrəfləri ilə bağlı razılaşma hər beş ildən bir yenilənir. Son razılaşma isə cari ilin martında başa çatır.
Telekanalının məlumatına görə, Yaponiya hökuməti apreldə başlayacaq yeni maliyyə ilində bu məsrəfləri ötən ilki səviyyədə saxlamaq barədə müvəqqəti razılaşma imzalamağı təklif edib.
Xatırladaq ki, ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Con Bolton öz xatirələrində Vaşinqtonun Tokiodan həmin xərcləri 8 milyard dollara qədər artırmağı tələb etdiyini yazır ki, bu da hazırda mövcud olan məbləğdən 4,4 dəfə çoxdur. C.Bolton bildirir ki, sabiq Prezident Donald Tramp Yaponiya tərəfinin bu xərcləri qarşılamayacağı təqdirdə ABŞ qoşunlarının Yaponiyadan çıxarılacağını demişdi.
Əlavə olaraq qeyd edək ki, 2021-ci ilin martında başa çatacaq 2020-ci maliyyə ili üzrə ABŞ qoşunlarının Yaponiyada saxlanılması xərcləri 199,3 milyard yen (1,8 milyard dollar) təşkil edir. Buraya həmin obyektlərin bütün kommunal xərcləri və şəxsi heyətin əməkhaqları daxildir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio