DÜNYA
ABŞ və Hindistan pilotsuz uçuş aparatları yaradılması barədə 22 milyon dollarlıq saziş imzalayıblar
Vaşinqton, 7 sentyabr, AZƏRTAC
ABŞ və Hindistan pilotsuz uçuş aparatları (PUA-lar) yaradılması barədə 22 milyon dollarlıq saziş imzalayıblar.
AZƏRTAC ABŞ Hərbi Hava Qüvvələri Komandanlığının bəyanatına istinadla xəbər verir ki, bu saziş ABŞ və Hindistan arasında texnologiyalar mübadiləsinə, birgə tədqiqatlara və müdafiə sistemlərinin birgə hazırlanmasına kömək məqsədilə işlənib hazırlanmış Müdafiə Texnologiyaları və Ticarət Sahəsində Təşəbbüs çərçivəsində planlaşdırılan ilk layihədir.
ABŞ Hərbi Hava Qüvvələri nazirinin müavininin köməkçisi Kelli L.Seybolt deyib: “Birləşmiş Ştatlar və Hindistan azad və açıq Hindistan-Sakit okean regionunun eyni cür təsəvvür edirlər”. Onun sözlərinə görə, birgə araşdırmalar barədə bu saziş müdafiə sahəsində mövcud olan sıx əməkdaşlığa əsaslanır və Hindistanın müdafiə sahəsində iri tərəfdaş kimi statusunu daha da möhkəmləndirir.
Pilotsuz uçuş aparatlarının yaradılması barədə 22 milyon dollar dəyərində layihə ABŞ ilə Hindistan arasında müdafiə ilə bağlı tədqiqatlar və araşdırmalar sahəsində ən iri birgə layihədir. Buraya pilotsuz uçuş aparatlarının, aviasiya elektron avadanlığının, güc qurğularının və işəsalma sistemlərinin hazırlanması və araşdırılması məsələləri daxildir. Layihə ABŞ Hərbi Hava Qüvvələri tədqiqat laboratoriyası və Hindistanın Müdafiə Tədqiqatları və Araşdırmaları Təşkilatı tərəfindən həyata keçiriləcək.
AZƏRTAC-ın Vaşinqton bürosu