ELM VƏ TƏHSİL
ADMİU-da tədbir: Heydər Əliyevin mədəniyyət konsepsiyası
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin mədəniyyət konsepsiyası” adlı onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova hər il universitetdə ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində müxtəlif tədbirlərin keçirildiyini söyləyib: “Bu illər ərzində çox insanların onunla bağlı xatirələrini, fikirlərini dinləmişəm və görmüşəm ki, hər bir insanın qəlbində öz Heydər Əliyev obrazı var. Hər dəfə Ulu Öndər haqqında yeni nələrsə öyrənirik. Bir daha əmin oluruq ki, hazırda çiçəklənən Azərbaycan məhz ulu öndər Heydər Əliyevin qurub-yaratdığı Azərbaycandır. Ümummilli lider Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğı ilə yanaşıb. Ulu Öndər incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqəti ilə ruhlandırardı. Ona görə də görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyəti dövründə mədəniyyətimiz özünün ən gözəl inkişaf yolunu keçdi”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Ümummilli Liderin ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdiyi diqqət və qayğısından bəhs edib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyətə, incəsənətə böyük qayğı ilə yanaşıb. Ümummilli Lider mədəniyyətimizi inkişaf etdirən bütün sənətkarların əməyini hər zaman yüksək qiymətləndirib, diqqət və qayğısını əsirgəməyib. Rəssamların, bəstəkarların, yazıçıların, teatr xadimlərinin qurultaylarında özü şəxsən iştirak edir, gözəl çıxışları və layiqli təklifləri ilə onları ruhlandırır, stimul verirdi. Dahi şəxsiyyət Heydər Əliyev, həmçinin bir çox tamaşaların premyeralarında iştirak edir, sonra səhnə arxasında fikirlərini yaradıcı heyətlə, aktyorlarla bölüşür, onları təbrik edirdi. Ölkəmizdə ədəbiyyat, mədəniyyət, incəsənət və digər sahələrin hər biri Ulu Öndərin mühüm xidmətləri sahəsində böyük inkişaf yolu keçib. Ümummilli Lider Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz görkəmli dövlət xadimi Heydər Əliyevin sayəsində tanındı.
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, dahi rəhbərin siyasi fəaliyyətindən, Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişafındakı rolundan bəhs edib.
Ulu Öndər haqqında Azərbaycanda ilk fundamental elmi əsərin - doktorluq dissertasiyasının müəllifi olan İradə Hüseynova dahi rəhbərin dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, ölkəmizdə elm, təhsil və mədəniyyətin inkişafında əvəzedilməz rolundan və gənclər siyasətindən söz açıb. Professor bildirib ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Professorlar Oqtay Mirqasımov və Əli Əmirli ulu öndər Heydər Əliyevin ölkəmizdə incəsənətin inkişafına, teatra, yaradıcı insanlara göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Sonda Ceyran Mahmudova tədbirin iştirakçılarına təşəkkürünü bildirib, dahi rəhbər Heydər Əliyevin qəlblərdə, xatirələrdə və Azərbaycan tarixində əbədi yaşayacağını vurğulayıb.