ADU İndoneziyanın Ahmad Dahlan Universiteti ilə əməkdaşlıq edəcək
AzerTAg.az
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Azərbaycan Dillər Universiteti (ADU) ilə İndoneziyanın Ahmad Dahlan Universiteti arasında anlaşma memorandumu imzalanıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, sənədi bu ali məktəbin rektoru, akademik Kamal Abdulla və Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum imzalayıb. Memorandumda tələbə-müəllim mübadiləsinə imkan yaratmaq, birgə tədqiqatlar aparmaq, qarşılıqlı akademik səfərlər həyata keçirmək nəzərdə tutulub.
Bununla bağlı təşkil olunan görüşdə Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib, ADU-nun tələbələrinə mühazirə oxuduqları üçün nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib.
İndoneziyanın Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum tələbələrlə görüşün yüksək səviyyədə və maraqlı keçdiyini söyləyib. Qeyd edib ki, həmin tələbələr gələcəkdə Azərbaycanda İndoneziya mədəniyyətini, ədəbiyyatını, həqiqətlərini təbliğ edəcəklər.
Kamal Abdulla İndoneziyada da Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, həqiqətlərini öyrənən azərbaycanşünaslar yetişəcəyinə əminliyini bildirib: “Azərbaycan və İndoneziya prezidentləri iki ölkənin daha da yaxınlaşması üçün hər şey edirlər. Biz də universitetlərdə gərək həmin işi davam etdirək, dövlətlərimizin siyasətinin bir-birinə yaxınlaşmasına öz dəstəyimizi göstərək. Arzu edirəm ki, universitetlər, tələbələr, müəllimlərimiz arasında əlaqələr bundan sonra da genişlənsin”.
Kamal Abdulla universitetdəki Heydər Əliyev Muzey lektoriyası haqqında da qonaqlara məlumat verib: “Bu auditoriya ulu öndər Heydər Əliyevin adını daşıyır. Burada onun doğum günlərindən, gənclik illərindən, ölkəmizin rəhbərliyində təmsil olunduğu illərə təsadüf edən şəkillərdən ibarət guşələr var. Auditoriyanı bizim müəllimlərimiz, tələbələrimiz qurublar. Qonaqlarımıza bu məkanı göstərməkdən qürur hissi keçiririk”.
Kasiyarno M.Hum ADU ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib. Rektor Ahmad Dahlan Universitetinin Məhəmmədiyyə təşkilatının bir hissəsi olduğunu deyib, ali məktəb haqqında ətraflı məlumat verib. Qonaq rəhbərlik etdiyi universitet ilə ADU arasında əməkdaşlığa uyğun ixtisasların mövcud olduğunu, birgə seminarların təşkilinin, kitab nəşrinin, müəllim-tələbə mübadiləsinin mümkünlüyünü bildirib.
İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fənani memorandumun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirib, ADU-nun fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri qonaqları İndoneziya dilində salamlayıb, imzalanan sənədin onların gələcək inkişafına böyük təkan olacağını deyiblər.
Qeyd edək ki, görüşdən əvvəl doktor Kasiyarno M.Hum ADU-nun İndoneziya Araşdırmalar Mərkəzində tələbələrə “İslam və yerli mədəniyyət” mövzusunda mühazirə oxuyub.




Xəbərin mətnində orfoqrafik səhv var