İDMAN
AFFA-NIN X KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbirdən əvvəl, konfrans iştirakçıları Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Gənclər və idman naziri Azad Rəhimovun, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin, Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin sektor müdiri Ramiz Muxtarovun, Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqovun və UEFA-nın vitse-prezidenti, Ermənistan və Azərbaycan komandalarının oyunu ilə əlaqədar yaradılmış xüsusi komissiyanın üzvü Metyu Şpingerin də qonaq qismində iştirak etdiyi tədbirdə, AFFA-nın prezidenti Ramiz Mirzəyev ötən bir il ərzində ölkəmizdə futbolun inkişafı istiqamətində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Ramiz Mirzəyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncamına uyğun olaraq, bu idman növünün respublikamızda daha da inkişafı üçün çoxsaylı tədbirlər planının nəzərdə tutulmasından, uşaq-yeniyetmə futbolunun maddi-texniki bazasının inkişaf etdirilməsi və peşəkar məşqçilərin, hakimlərin hazırlanmasından, regionlarda futbol infrastrukturunun yaradılması istiqamətində görüləcək işlərdən danışmışdır.
Bildirmişdir ki, ölkəmizdə uşaq futbolunu inkişaf etdirmək üçün süni örtüklü meydançaların tikintisinə də diqqət yetirilir. Bu məqsədlə UEFA-nın ayırdığı 1 milyon İsveçrə frankı hesabına respublikamızın ayrı-ayrı bölgələrində süni örtüklü 40 meydança tikilməsi qərara alınmışdır. UEFA-nın “Het-trik” Proqramına uyğun olaraq, paytaxtda və regionlarda mini futbol meydançaları inşa edilir.
Daha sonra, gündəlikdə duran bütün məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. AFFA-nın 2005-ci ildə gördüyü işlər qənaətbəxş hesab edilmiş, nəzarət-təftiş komitəsinin, müstəqil audit komitəsinin hesabatları təsdiq olunmuş, AFFA-nın 2006-cı il üçün büdcəsi müəyyənləşdirilmiş, Bakı Audit Komitəsinə eyni vəzifəni daha bir il daşımaq hüququ verilmişdir.
İnzibati komitələrin tərkibində də dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, Gündüz Cəfərov və Fərhad Nağıyev nizam-intizam komitəsinin tərkibindən çıxarılmış, əvəzində isə Mehdi Mehdiyev və Altay Zahidov komitəyə daxil edilmişlər.
Apellyasiya komitəsinin sədri Fazil Məmmədov və işçisi Venera Muradova tutduqları vəzifədən kənarlaşdırılmış, sədr vəzifəsinə Ramil Əhmədov təyin edilmişdir. “Şahdağ” və “Olimpik” komandaları AFFA-ya üzv qəbul olunmuşlar.