SİYASƏT
ƏKRƏM ABDULLAYEVİN ÇIXIŞI
Çıxış üçün söz alan Gənclər Təşkilatları Milli Şurasının sədri ƏKRƏM ABDULLAYEV bildirdi ki, biz bu gün tarixi bir hadisənin şahidi oluruq, yeni bir ictimai hərəkatı yaradırıq. Bu hərəkat on il ərzində Azərbaycan gənclərinə göstərilən diqqət və qayğının, etibarın və etimadın nəticəsində meydana çıxır. Bu gün Azərbaycanda 25 yaşında nazir müavini, 28-30 yaşında müxtəlif məsul vəzifələrdə çalışan insanlar var. Bunun özü gənclərə göstərilən etimaddır, qayğıdır, inamdır. Bütün bunlar möhtərəm Prezidentimizin adı ilə bağlıdır. Burada iştirak edən məşhur idmançılarımızın qazandığı bütün nailiyyətlər ölkəmizin rəhbəri cənab Heydər Əliyevin adı ilə bağlıdır.
Yeni hərəkata uğurlar arzulayan natiq, burada təmsil olunan və olunmayan gənclərə arzusunu çatdıraraq dedi ki, biz bir yerdə düzgün seçim edib Azərbaycanın gələcəyini seçməliyik. Bu düzgün seçim də məhz cənab Heydər Əliyevdir. Biz cənab Prezidentimizin seçki kampaniyasına qatılacağıq və öz gücümüzü birləşdirərək istəyimizə nail olacağıq. Vətənpərvər gənclər dövlətimizin başçısının namizədliyini yekdilliklə dəstəkləyirlər.