SİYASƏT
ALMANİYADA DAHA BİR AZƏRBAYCAN TƏŞKİLATI FƏALİYYƏTƏ BAŞLADI
Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri sırasına bir təşkilat da qoşulmuşdur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Berlin şəhərində fəaliyyətə başlamış Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun əsas məqsədi Azərbaycan mədəniyyətini, incəsənətini, dilini, tarixini araşdırmaq və tədqiqatlarla məşğul olmaqdır. İnstitut, həmçinin beynəlxalq konfranslar təşkil edəcək, mədəniyyət günləri, konsertlər, müxtəlif mədəni tədbirlər keçirəcəkdir.
Artıq institutun nəzdində tərcümə və xəbər mərkəzləri işləyir. Eyni zamanda, burada alman və Azərbaycan dilləri kursları açılmış, kompüter və musiqi dərsləri tədris olunmağa başlamışdır.
İnstitutun rəhbəri tanınmış yazıçı - şairə Nuridə Atəşidir.