ELM VƏ TƏHSİL
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ VAKANT YERLƏRƏ İŞÇİ QƏBULU ÜÇÜN MÜSABİQƏ ELAN ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, vakant vəzifələrin tutulması üçün müsabiqə elan etmişdir. Sənədlər 2006-cı il aprelin 5-dən mayın 5-dək qəbul olunacaqdır. İşə qəbul iki mərhələdə həyata keçiriləcəkdir.
Birinci mərhələdə namizədlər test imtahanı verəcəklər. İmtahan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçiriləcək. Test imtahanında mümkün balın ən azı 80 faizini toplamış namizəd imtahanın birinci turundan keçmiş hesab olunur. İmtahandan müvəffəqiyyətlə çıxmış namizədlər söhbətə dəvət olunurlar. Söhbətin nəticələri də balla qiymətləndirilir.
Namizədin toplaya biləcəyi mümkün yekun balın 80 faizi test imtahanı, 20 faizi isə müsahibə yolu ilə formalaşır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər müvafiq sənədlər təqdim etməlidirlər. Əlavə məlumat üçün TQDK-nın və nazirliyin veb səhifələrinə (www.tqdk.gov.az və www.mlspp.gov.az) və nazirliyin özünə (əlaqə telefonları: 4977035, 4930541) müraciət etmək lazımdır.