ELM VƏ TƏHSİL
AMEA-nın Fizika İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Nazim Məmmədov ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin inkişafı, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən söz açıb. O qeyd edib ki, Ümummilli Liderin müasir müstəqil dövlətimizin qurulmasında əvəzsiz xidmətləri vardır. Ulu Öndər istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi vaxtlarda Azərbaycan xalqının rifahının yaxşılaşması üçün çalışıb.
Sonra institutun Qadınlar Şurasının sədri, Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva Azərbaycan elminin inkişafı istiqamətində Ulu Öndərin gördüyü işlərdən bəhs edib. O, Ümummilli Liderin vətən və xalq qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb.
S.Mehdiyeva Ümummilli Liderin qadınların idarəetmə, qərar qəbuletmə, sosial həyatın bütün sahələrində irəlidə olmasına önəm verdiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda qadın hüquqlarının qorunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində iştirakı Heydər Əliyev siyasətinin ayrılmaz hissəsi idi.
Tədbirdə institutun Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova, fizika üzrə fəlsəfə doktoru Həsən Əsgərov, texnika üzrə elmlər doktoru Əli Məmmədov dahi şəxsiyyət Heydər Əliyevin xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra gördüyü işlərdən danışıblar.
Sonda Ulu Öndərin xatirəsinə həsr edilmiş film nümayiş olunub.