ELM VƏ TƏHSİL
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda elmi şuranın növbəti iclası keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclasda xarici əlaqələr və innovasiya, intellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri, sosial-iqtisadi və ekoloji proseslərin modelləşdirilməsi laboratoriyalarının 2019-cu il üzrə hesabatları müzakirə edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev rəhbərlik etdiyi şöbənin il ərzində gördüyü işlər barədə məlumat verib.
Bildirilib ki, Avropa İttifaqının “Horizon 2020” proqramının qanunvericilik və maliyyə istiqaməti üzrə milli təmsilçisi, “EU4Digital” layihəsində elektron ticarət məsələləri üzrə ekspert olan T.Babayev Helsinkidə keçirilmiş forum çərçivəsində təşkil olunan ikitərəfli görüşlərdə Azərbaycan alimlərinin layihələrini təqdim edib. Layihələr tədbirdə marağa səbəb olub və dünyanın tanınmış şirkətlərinin nümayəndələri alimlərimizlə birgə layihələrdə iştirak etmək marağını bildiriblər. Görüşlərin nəticəsi olaraq Azərbaycan alimlərinin “Horizon 2020” proqramında yeni layihələr üçün konsorsium yaratmaq təklifləri gəlib.
T.Babayev cari ildə Brüssel, Minsk, Buxarest, Helsinki şəhərlərində Avropa Komissiyasının “EU4Digital” layihəsi çərçivəsində elektron ticarət şəbəkəsinə aid görüşlərdə ölkəmizi təmsil edib, 2020-2021-ci illərdə Azərbaycanda həyata keçiriləcək pilot layihələr barədə məlumat verib. Həmçinin alimin il ərzində çap etdirdiyi beş məqalədən üçü “Web of Science” və “Scopus” elmi bazalarına düşüb.