CƏMİYYƏT
ANAMA iyulda 168 partlamamış hərbi sursat, beş mina aşkarlayaraq zərərsizləşdirib
Bakı, 1 avqust, AZƏRTAC
İyulda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Xocavənd, Qazax, Qaradağ, Lənkəran, Tərtər, Tovuz rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində 424 min 299 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 168 partlamamış hərbi sursat, piyada əleyhinə iki və tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyatlara 486 nəfərlik əməliyyat, 134 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.
İndiyədək cəmi 529 milyon 515 min 651 kvadratmetr ərazi təmizlənib, 797 min 96 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
İyulda Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən səkkiz, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən yeddi, Dövlət Sərhəd Xidmətindən iki və rayon icra hakimiyyətindən bir müraciət daxil olub. Müraciətlər əsasında 11 min 170 kvadratmetr ərazi təmizlənib, 32 partlamamış hərbi sursat aşkarlanaraq Agentliyin mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib.
Ötən ay mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.