CƏMİYYƏT


AQTA “WorldFoood Azerbaijan 2019” Sərgisində 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyasını təqdim edib

Bakı, 15 may, AZƏRTAC 

Mayın 15-də Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi işə başlayıb. Tədbirdə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət genişçeşidli qida məhsulları və bu sahədə ən son innovativ yeniliklərini nümayiş etdirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən agentliyin sədri Qoşqar Təhməzli bildirib ki, sərgi qida sənayesi üzrə avadanlıqların, müasir texnologiyaların, məhsul və xidmətlərin nümayiş olunduğu, qarşılıqlı əməkdaşlığın qurulduğu və biznes tərəfdaşları ilə mövcud əlaqələrin daha da möhkəmləndiyi, yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi özünü doğruldub. Q.Təhməzli qeyd edib ki, AQTA fəaliyyətə başladığı ilk ildən etibarən “WorldFood Azerbaijan” qida sənayesi üzrə ixtisaslaşmış sərgidə iştirak edib və agentliyin təqdim etdiyi ilk stend sərgi iştirakçılarının böyük marağına səbəb olub. Bu il Qida Təhlükəsizliyi Agentliyi ikinci dəfə sərgidə öz stendi ilə iştirak edir. Sərgidə agentlik üçün ayrılmış ərazidə qida sahəsində həyata keçirilən innovativ yeniliklər, bu sahədə istifadə edilən ən müasir laborator avadanlıqlar sərgi iştirakçılarına təqdim edilir.

Qida Təhlükəsizliyi Agentliyinə məxsus builki guşədə sərgi iştirakçıları müxtəlif qida məhsullarında təhlükəsizlik göstəricilərinin müəyyən edilməsini əyani şəkildə izləmək imkanı əldə edirlər. Eyni zamanda, mütəxəssislər qida sahəsində böhran vəziyyətlərinin idarə edilməsinin, ixrac potensialı yüksək olan və daxili bazarda yoxlamalar zamanı ən çox saxtakarlığa məruz qalan məhsulların laborator müayinələrinin nümayişini həyata keçirirlər.

Bu il, həmçinin sərginin AQTA üçün ayrılmış çöl sahəsində iştirakçılara Qafqazda ilk dəfə olaraq 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası təqdim edilir. Bu laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürülərək 2-3 saat ərzində xəstəliyin aşkarlanması potensialına malikdir.

Bununla yanaşı, sərgidə iştirakçılara Səyyar Baytar Laboratoriyası da təqdim olunacaq. Laboratoriya xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostik müayinəsi üçün zəruri avadanlıqlarla təchiz edilib. Bu səyyar laboratoriya vasitəsilə ölkənin hətta ən ucqar dağ kəndlərində belə nümunənin yerində müayinəsi, xəstəliyin zamanında aşkarlanması mümkündür.

Sərgidə, həmçinin Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün təklif edilən xidmətlər təqdim edilir. Eyni zamanda, builki sərgidə B2B formatında görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, sərgi çərçivəsində mayın 17-də II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.