CƏMİYYƏT
ASC-nin satış təmsilçisi tərəfindən pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 6 iyul, AZƏRTAC
“A+CO” ASC-nin əməkdaşı tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin mənimsənilməsi barədə Şəki Rayon Prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Şəki Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatına görə, aparılmış araşdırmalarla ASC-nin Kommersiya Departamentinin satış şöbəsinin region üzrə satış bölməsinin satış təmsilçisi vəzifəsində işləyən Rza İbrahimovun 2021-ci il fevralın 1-dən 2022-ci il iyunun 3-dək tam maddi məsul şəxs kimi ASC-nin ona etibar edilən ümumilikdə 110 min 851 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.