SİYASƏT
AZƏRBAYCANDA MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARI UĞURLA HƏYATA KEÇİRİLİR
Fevralın 17-də Milli Məclisin sədri Murtuz Ələsgərov Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Luzius Vildxaberi qəbul etmişdir.
Parlamentin sədri Avropa İnsan Hüquqları Məhkəməsi sədrinin ölkəmizə səfərini bu təşkilatla Azərbaycanın məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsində mühüm addım kimi səciyyələndirdi, respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə qonağa ətraflı məlumat verdi. O, bildirdi ki, artıq yaradılmış üçpilləli məhkəmə sistemi (birinci instansiya məhkəməsi, kassasiya və apellyasiya məhkəmələri) müsabiqə əsasında ən yaxşı mütəxəssislərdən komplektləşdirilibdir. Azərbaycanın 30-dan çox Avropa konvensiyasına, o cümlədən İnsan Hüquqları Konvensiyasına qoşulmasının cəmiyyətin demokratikləşməsi və ölkənin Avropa strukturlarına inteqrasiyası sahəsində böyük əhəmiyyəti vardır. Murtuz Ələsgərov Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsinə dair ötən il keçirilmiş referendumu hüquqi dövlət quruculuğunda daha bir mühüm addım kimi qiymətləndirərək dedi ki, bu dəyişikliklər və əlavələr sayəsində Azərbaycanda ilk dəfə ombudsman təsisatı fəaliyyətə başlamış, vətəndaşlara isə Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək hüququ verilmişdir. Avropa İnsan Hüquqları Konvensiyası Milli Məclisdə ratifikasiya olunduqdan sonra onlar Avropa Məhkəməsinə də müraciət etmək hüququ almışlar.
Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Luzius Vildxaber bildirdi ki, bu məhkəməyə Azərbaycan vətəndaşlarından 140-dək müraciət daxil olmuşdur. Onların hamısı baxılmamış qalır, çünki Məhkəmənin üzvləri Avropa Şurasının yeni üzvlərinin qanunvericiliklərini öyrənirlər. Qonaq dedi ki, yerli məhkəmələrin beynəlxalq hüquq normalarına dəqiq əməl etməsi Avropa Məhkəməsi hakimlərinin işini xeyli asanlaşdırardı.
Murtuz Ələsgərov Azərbaycanın qanunvericilik aktlarının beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasının vəziyyəti barədə qonağın sualına cavabında bildirdi ki, qanunvericilik aktlarının hamısı ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilir. Bu təşkilatın ekspertləri qanun layihələrinin müzakirələrində də iştirak edirlər.
Qəbulda Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev iştirak edirdi.