İDMAN
AZƏRBAYCANIN YIĞMA KOMANDASI 2006-CI İL DÜNYA ÇEMPİONATININ SEÇMƏ OYUNLARINDA İLK GÖRÜŞÜNÜ KEÇİRMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YARIŞI İZLƏMİŞDİR
Tamaşaçılar tərəfindən hərarətlə qarşılanan Azərbaycan Prezidenti İlham Əliyev yarışın gedişini izləmişdir.
Oyunun başlanmasından əvvəl Uelsin və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Xatırladaq ki, komandamız builki Avropa çempionatının seçmə oyunlarında Uels komandası ilə iki dəfə qarşılaşmış və hər ikisində uduzmuşdur.
Bu dəfə oyun Azərbaycan futbolçularının hücumu ilə başladı və onlar ilk dəqiqələrdə hesabı aça bilərdilər. Lakin zərbə azacıq dəqiq olmadı. Komandaların səylərinə baxmayaraq, birinci hissədə heç kim uğur qazana bilmədi.
İkinci hissənin başlanğıcı komandamız üçün uğursuz oldu, müdafiəçilərimizin səhvindən istifadə edən qonaqlar 48-ci dəqiqədə hesabı açdılar. Lakin futbolçularımız ruhdan düşmədilər və bu, tezliklə öz nəticəsini verdi. Oyunun 55-ci dəqiqəsində Rəşad Sadıqov təxminən 30-35 metr məsafədən cərimə zərbəsi ilə çox gözəl qol vurdu. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində kecdi və hesab sonadək dəyişmədi.
Prezident İlham Əliyev fasilə zamanı Respublika stadionunda aparılan yenidənqurma işləri ilə maraqlandı. Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, AFFA-nın prezidenti Ramiz Mirzəyev dövlətimizin başçısına bu barədə ətraflı məlumat verdilər.