SİYASƏT
AZƏRBAYCANLA NATO ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANMIŞDIR
Aprelin 2-də NATO-nun Brüssel şəhərində yerləşən baş qərargahında Azərbaycan Respublikası ilə NATO Maddi-Texniki Təchizat və Yardım Təşkilatı (NAMSA) arasında maddi-texniki təchizat üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, NAMSA tərəfdən sənədi təşkilatın baş direktoru Piter Markey, Azərbaycan adından isə respublikamızın NATO yanında nümayəndəliyinin başçısı səfir Mirhəmzə Əfəndiyev imzalamışlar.
NAMSA hazırda respublikamızda ekoloji və humanitar baxımdan yüksək əhəmiyyət kəsb edən layihənin (Ağstafa rayonunun Saloğlu kəndi ərazisində sovet ordusundan miras qalmış partlamamış hərbi sursatın zərərsizləşdirilməsi) həyata keçirilməsində iştirak edir. Eyni zamanda, sovet ordusundan qalmış raket yanacağının məhv edilməsi problemi ətrafında danışıqlar davam edir.