İQTİSADİYYAT
AZƏRBAYCAN AVİAŞİRKƏTİ ÖZBƏKİSTANDAN TƏYYARƏ ALIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Daşkənd Təyyarəqayırma İstehsalat Birliyində hazırlanmış İl-76TD yük təyyarəsi Bakıya göndərilmişdir. Böyük Britaniya ilə birgə yaradılmış “Azərbaycan Karqo “İpək yolu” özəl avtoşirkəti ilk dəfədir ki, Daşkənddən təyyarə alır. Artıq bu şirkətin parkında altı belə təyyarə var və Bakı pilotları BMT xətti ilə dünyanın 85 dövlətinə kommersiya və humanitar yüklər daşıyırlar. Təyyarənin komandiri Şəmsəddin Mirsalayevin sözlərinə görə, bakılı təyyarəçilərin İl-76TD tipli təyyarələri müxtəlif iqlim zonalarında idarə etməkdə böyük təcrübələri var. O qeyd etmişdir ki, hələlik beynəlxalq yükdaşımaları bazarında İl-76 TD təyyarələrinin oxşarı yoxdur. Biz martın əvvəllərində yeni təyyarə almaq üçün bir daha Özbəkistana gələcəyik. Arzumuz budur ki, parkımızda İl-76TD təyyarəsinin sayını 10-a çatdıraq.