İDMAN
AZƏRBAYCAN FUTBOLÇULARI “TRABZONSPOR”DA ÇIXIŞ EDƏCƏKLƏR
“Nicat”in baş məşqçisi Ramin Məmmədov AZƏRTAC-a bildirmişdir ki, Türkiyə klubu futbolçularımızın dekabrın əvvəllərində beynəlxalq turnirdə çıxışından sonra bu qərara gəlmişdir.
Xatırladaq ki, “Nicat” klubu 1992-1993-cü il təvəllüdlü yeniyetmələr arasında Türkiyədə keçirilən beynəlxalq turnirdə 3 komandaya qalib gələrək finala çıxmış, bu mərhələdə isə yalnız “Trabzonspor”a məğlub olaraq, turnirin gümüş medallarına layiq görülmüşdür. Komandamızın beş futbolçusu - Nazir Muqarramov, İmran Mirzəxanov, Kərim İmanov, Elnur Rəsulov və Elnur Əliyev turnirin ən yaxşı oyunçuları seçilmişlər.
Bu günlərdə Türkiyə klubu həmin futbolçuları öz heyətinə qatmaq məqsədi ilə “Nicat” Peşəkar Futbol Klubu ilə müqavilə imzalamışdır. Müqaviləyə əsasən, oyunçularımız “Trabzonspor”un “Mehmet Ali Yılmaz Futbol Məktəbi”ndə təlim keçməklə yanaşı, klubun müxtəlif yaş qrupları üzrə komandalarında çıxış etmək imkanı qazanmışlar. Onlar “Maçkaspor” klubunun yanvarın 25-30-da Trabzonda təşkil edəcəyi beynəlxalq turnirdə “Nicat” klubunun heyətində son dəfə meydana çıxacaqlar.