İQTİSADİYYAT
AZƏRBAYCAN PREZİDENTİNİN REGİONLARIN SOSİAL-İQTİSADİ PROBLEMLƏRİNİN HƏLLİNƏ QAYĞISI YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, nazirlik, dövlət idarəetmə qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları, ictimai birliklər, sahibkar strukturları, elmi müəssisə və kütləvi informasiya vasitələri nümayəndələri iştirak etdikləri tədbiri iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov açaraq, Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyətindən, ölkəmizdə aparılan iqtisadi islahatlardan, beynəlxalq təcrübənin öyrənilməsində Dünya Bankı ekspertlərinin rolundan danışmışdır. O, biznes sahəsində rəqabət mühiti yaradılmasının zəruriliyini xüsusi vurğulamış, problemi iqtisadi, sosial-mənəvi və hüquqi nöqteyi-nəzərdən təhlil etmişdir.
Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə aparıcı iqtisadçısı Kristian Petersen ümummilli liderimiz Heydər Əliyevin apardığı iqtisadi siyasətə, onun rəhbərliyi ilə həyata keçirilmiş layihələrə, o cümlədən yoxsulluğun azaldılması sahəsində Dövlət Proqramına toxunmuş, İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə həmin proqramların işlənib hazırlanması və təkmilləşdirilməsində iştirak etdiyini bildirmişdir. Ekspert Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi problemlərinin həllinə ciddi qayğı göstərməsini yüksək qiymətləndirərək demişdir ki, hazırda Azərbaycanda qeyri-neft bölməsi əhəmiyyətli dərəcədə-10-12 faizdən 14 faizə qədər artmaqdadır. Regionlarla bağlı proqram iqtisadiyyatın inkişafına böyük təsir göstərir.
Dünya Bankının eksperti Mark A. Vorner seminardakı məruzəsində rəqabət siyasətinin məqsədi, rəqabət münasibətlərində dövlət məhdudiyyətləri, rəqabətin müdafiə olunmasının əhəmiyyəti və sair məsələlərə aydınlıq gətirmişdir.
Sonra İqtisadi İnkişaf Nazirliyinin və Dünya Bankının nümayəndələri suallara cavab vermişlər.