RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ YƏMƏN PREZİDENTİ MƏHƏMMƏD SƏİD ƏL-ƏTTAR İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Prezidentini qucaqlayaraq onu köhnə dost kimi səmimi salamlayan əl-Əttar uzun müddətdən sonra Heydər Əliyevi yenidən gördüyünə çox şad olduğunu bildirdi. O, Heydər Əliyevin bioqrafiyasna yaxşı bələd olduğunu, onu hələ Moskvada işlədiyi dövrdən tanıdığını söylədi.
Yəmən xalqının Heydər Əliyevə dərin hörmət və ehtiram bəslədiyini vurğulayan cənab əl-Əttar Azərbaycan dövlətinin başçısını öz ölkəsinə rəsmi səfərə dəvət etdi. O bildirdi ki, iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün bu səfər böyük əhəmiyyət kəsb edər və xalqlarımız arasındakı tarixi dostluq əlaqələrini daha da gücləndirər.
Heydər Əliyev bu görüşdən məmnun olduğunu bildirərək dedi ki, əgər cənab əl-Əttar ilə əvvəllər Moskvada keçmiş SSRİ dövlətinin rəhbərlərindən biri kimi görüşmüşdüsə, indi onu müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi salamlamaqdan böyük qürur hissi duyur. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan hələ Sovet İttifaqının tərkibində olduğu dövrdə də Yəmən Respublikası ilə mədəni əlaqələr saxlamışdır.
Prezident Heydər Əliyev müstəqil Azərbaycan üçün ən böyük və ağrılı problem olan Dağlıq Qarabağ problemi barədə Yəmən Respublikasının Prezidentinə ətraflı məlumat verərək dedi ki, qonşu Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, həmin torpaqlardan qaçqın düşmüş bir milyondan çox azərbaycanlı dözülməz şəraitdə çadırlarda yaşayır.
Dövlətimizin başçısı Azərbaycan-Yəmən əlaqələrinin inkişaf etdirilməsinə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinə tərəfdar olduğunu, bunun ölkələrimizin mənafeyinə tam uyğun gəldiyini söylədi və Prezident Məhəmməd Səid əl-Əttarı Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu.