SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT
Möhtərəm cənab Prezident!
Dünyada gedən qlobal dəyişikliklər fonunda siyasi, iqtisadi, coğrafi-siyasi hadisələrə yeni baxış və meyllərin yarandığı, ziddiyyətlərlə dolu taleyimizə təhlükə törədən təzahürlərin meydana gəldiyi bir dövrdə daim irimiqyaslı çarpışmalar, təbəddülatlar içərisində olan məmləkətimizi meydan eyforiyasının təsiri altında formalaşan fanat siyasətbazların, vəzifə hərislərinin caynağından xilas edərək, xalqımıza demokratik dünyəvi dövlətə sahib çıxmaq haqqını qaytardınız. On il öncə Azərbaycanın çox ağır bir dövründə həyatınızı təhlükə qarşısına qoyaraq, Sizin Gəncəyə gəlişinizi indi də həyəcansız xatırlaya bilmirik. Məhz Sizin misilsiz dövlətçilik məharətiniz, zəngin təcrübəniz, göstərdiyiniz əsl vətəndaş mövqeyi bizi fəlakətlərdən xilas etdi. Milli təfəkkürə əsaslanan dövlətçiliyin qorunub saxlanılması, vətəndaş birliyinin yaradılması, insanların vahid dövlət və ideologiya ətrafında birləşməsi, yüksək analitik təfəkkürə, dəmir iradəyə və prinsipiallığa malik olan Zati-alinizin müdrik siyasəti sayəsində mümkün olmuşdur. Sizin həyata keçirdiyiniz siyasi, sosial-iqtisadi islahatlar cəmiyyətdəki münasibətlərə yeni forma və məzmun verdi, demokratiya və inkişaf sahəsində yüz illər yol keçmiş dövlətlərin təcrübəsindən bəhrələnərək, yeni sistemə qədəm qoyduq. Müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların mövcud olduğu müasir dünyamızda ölkəmiz Sizin cahanşümul siyasətinizlə yüksək sosial-iqtisadi inkişafa nail oldu. Bazar iqtisadiyyatını təmin edən islahatların həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması, ölkəmizin beynəlxalq münasibətlər sisteminə qoşulması, təbii sərvətlərimizin milli mənafeyimizə uyğun istifadə olunması, Şərq-Qərb enerji, nəqliyyat, telekommunikasiya dəhlizlərinin gerçəkləşməsi gələcək nəsillərin rifahı üçün yaratdığınız etibarlı təməl sayılır.
Cənab Prezident!
Tariximizin ən şərəfli və ən parlaq səhifələri məhz Sizin adınızla bağlıdır. Sizin fəaliyyətinizin bütün dövrü xalqımızın maraqlarının təmin edilməsinə yönələn milli-mənəvi potensialın inkişafının yüksəliş dövrü olmuş, Azərbaycan sivil dəyərlərə malik ölkə kimi dünyada böyük nüfuz qazanmışdır. Tükənməz enerjiniz, qurub-yaratmaq eşqiniz məmləkətimizi tərəqqi yolunu tutmuş bir ölkəyə çevirdi.
Sizin uzaqgörənliyinizi, dinamik və hərtərəfli inkişafı təmin edən səylərinizi gəncəlilər layiqincə qiymətləndirirlər. Gəncənin sənaye potensialının yüksəlməsi, sosial infrastrukturunun inkişafı məhz Sizin adınızla bağlıdır. Yeni fabrik və zavodların, yaşayış massivlərinin, sosial-mədəniyyət obyektlərinin hər birində Sizin müəlliflik imzanız var. Sizin gəncəlilərə qayğınızı hər kəs öz şəxsi həyatında hiss edir və bu münasibətinizi layiqincə qiymətləndirməyə çalışır.
Zati-aliləri!
Apardığınız uğurlu siyasət nəticəsində vətəndaşlarımız dövlət qayğısını daha yaxından hiss edirlər. Pensiya və müavinətlərin artırılaraq əhaliyə vaxtında verilməsi, əlillərə dövlət qayğısının gücləndirilməsi onların dövlətçiliyə inamını daha da artırmış, Sizin – “hər bir əlilin sosial təminatını yaxşılaşdırmağa çalışmalıyıq” çağırışınız daxili siyasətin aparıcı prinsipinə çevrilmişdir. Sizin qayğınızın nəticəsidir ki, respublikada vacib sosial məqsədlərin, o cümlədən əlil vətəndaşların tibbi və sosial reabilitasiyası və fəal həyata inteqrasiyası kimi mühüm məqsədin reallaşması çevik xarakter almışdır. Bu qəbildən olan insanlara təkcə Gəncə şəhərində 30 mənzilli yaşayış binasının, 27 nəfər Qarabağ və Böyük Vətən müharibələri əlilinə minik avtomobillərinin verilməsi və Protez-Ortopedik Bərpa Mərkəzinin bu gün istifadəyə verilən filialı son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gördüyü işlərin tərkib hissəsidir. Gəncəlilər hörmətli İlham Əliyevin müasir standartlara uyğun inşa etdirdiyi olimpiya idman kompleksinin açılış mərasimində Sizinlə görüşü məmnunluqla xatırlayırlar. Məhz Sizin təşəbbüsünüzlə Gəncədə quruculuq işləri daha böyük vüsət almışdır. Görülən işlər bizim gələcək rifahımızın yüksəlməsi üçün böyük perspektivlər vəd edir.
Cənab Prezident!
Biz, Gəncədə yaşayan əlillər və onları təmsil edən ictimai təşkilatlar Sizin bu qayğınızı layiqincə qiymətləndirir, həyatını, misilsiz dövlətçilik məharətini, zəngin təcrübəsini vətən üçün sərf edən Zati-alinizi uzun illər dövlətimizin başçısı kimi görmək arzumuzu, dövlətçiliyin qorunması üçün hər çağırışınıza hazır olduğumuzu, 2003-cü ildə keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcəyimizi bildiririk.
Tanrı Sizi qorusun!
Zati-alinizə ehtiramla,
Almaz Aşurov Respublika Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi Gəncə şəhər şöbəsinin müdiri
Yusif Yusifov Respublika Müharibə, Əmək və Silahlı
qüvvələr Veteranları Şurasının Gəncə
şəhər şöbəsinin müdiri
İsmayıl Əsədov Respublika Əlillər Cəmiyyətinin Gəncə
şəhər şöbəsinin müdiri
Səyyaf Ələkbərov Respublika Çernobıl Əlillər İttifaqının
Nizami rayon şöbəsinin müdiri
Aydın Hüseynov Respublika Çernobıl Əlillər İttifaqının
Kəpəz rayon şöbəsinin müdiri
Valeh İbrahimov Respublika Əfqanıstan Veteranları
Birliyinin Gəncə şəhər şöbəsinin müdiri
Səltənət Əhmədova Respublika Korlar Cəmiyyətinin Gəncə
şəhər şöbəsinin müdiri
Anjella Şakarişvili Respublika Karlar Cəmiyyətinin Gəncə
şəhər şöbəsinin müdiri
Elmira İsmayılova Respublika Əlil Qadınlar Cəmiyyətinin
Gəncə şəhər şöbəsinin müdiri