İQTİSADİYYAT
AZERCELL ABONENTLƏRİNİN SAYI 1 MİLYONU KEÇMİŞDİR
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azercell uzun illərdir xidmət göstəricilərinə görə, MDB məkanında lider mövqeyini saxlayır. Mobil rabitəni əhali arasında yaymaq və Azərbaycanda onu ən populyar rabitə növünə çevirmək məhz Azercell-ə nəsib olmuşdur. Müəssisənin baş direktoru Sərdar Canoğulları Azərbaycanın informasiya texnologiyaları bazarının səviyyəsinin gündən-günə yüksəldiyini demişdir. Onun sözlərinə görə respublika əhalisinin mobil rabitə qismində Azercell-ə üstünlük verməsi müəssisənin fəaliyyətinin ən yaxşı göstəricisidir.
Azercell yeddi il ərzində Azərbaycan rabitəsinin inkişafına 239 milyon ABŞ dolları məbləğində vəsait qoymuşdur. Birgə müəssisənin yaxın gələcək üçün nəzərdə tutduğu plana şəbəkə tutumunun genişləndirilməsi, GPRS texnologiyasının, eləcə də yeni xidmətlərin tətbiqi və sair yeniliklər daxildir.