DÜNYA
Əfqanıstanda “Taliban” hərəkatının 60-dan çox üzvü öldürülüb
Bakı, 24 yanvar, AZƏRTAC
Əfqanıstanın hökumət qüvvələri Beynəlxalq koalisiya ilə birgə ölkənin şimal-qərbində yerləşən Fəryab vilayətində “Taliban” hərəkatının 60-dan çox silahlısını məhv edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu vilayət polis idarəsinin mətbuat mərkəzinin rəisi Əbdül Kərim Yuriş deyib. Onun sözlərinə görə, Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Kaysar bələdiyyəsinin Şah-Qura rayonunda keçirilən yerüstü əməliyyat nəticəsində, həmçinin üç silahlı əsir götürülüb. Öldürülənlər arasında ölkənin şimalında yerləşən beş vilayətdə silahlıların maliyyə məsələlərinə məsul olan Mövlavi Qandam Əli və Kaysar qəzasında “Taliban” hərəkatı administrasiyasının kölgə rəhbəri də var.
Son ay ərzində Əfqanıstan ordusu və koalisiya qüvvələri vilayətin ərazisində “Taliban” hərəkatının obyektlərinə 12-dən çox aviasiya və yerüstü zərbə endirildiyi, taliblərin 8 hərbi bazasınını və 80 nəqliyyat vasitəsinin məhv edildiyi bildirilir.
Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.