REGİONLAR
Ağcabədidə Fermerlər və Koordinasiya Şurası yaradılıb
Ağcabədi, 5 sentyabr, AZƏRTAC
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən yığıncaqda Fermerlər və Koordinasiya Şurasının fəaliyyət istiqamətləri müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaqda fermerlərə yeni yaradılan Şuranın funksiya və vəzifələri barədə ətraflı məlumat verilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov çıxış edərək, yeni yaradılan Şuranın əsas məqsədinin fermerlərin mövcud problemlərinin öyrənilməsi, ictimai nəzarətin həyata keçirilməsi, aqrar sahədə problemlərin aradan qaldırılması və bu sahənin inkişafı ilə bağlı təkliflər verilməsi olduğunu bildirib.
Fermerlər üzləşdikləri problemlərdən danışaraq, bəzi çatışmazlıqların aradan qaldırılması, aqrar sahənin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Ağcabədili fermerlər taxılçıların elit buğda toxumu ilə təmin edilməsi, pambıq qəbulu məntəqələrinə yeni laboratoriya avadanlığının gətirilməsi, rayonda "Aqrolizinq" ASC-nin zona üzrə məntəqələrinin yaradılması, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi kimi fikir və təkliflər irəli sürüblər.
Yığıncaqda fermerlər şurasının sədri seçilib. Yığıncağın sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb.