İDMAN
Ağcabədidə alpaqut üzrə seminar və dərəcə imtahanı keçirilib
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Alpaqut Federasiyasının (AAF) Qarabağ regional nümayəndəliyinin və Ağcabədi filialının birgə təşkilatçılığı ilə idmançılar üçün zona seminarı və kəmər dərəcə imtahanı keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağcabədidəki şəhid Hamlet Məmmədov adına Qaradolaq kənd 1 nömrəli orta məktəbin idman zalında baş tutan seminardan əvvəl məktəbin akt zalında müəllim və şagird kollektivi, şəhid ailələri, eləcə də, kənd ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə görüş təşkil edilib. Görüş iştirakçılarına alpaqut Turan döyüş sənəti haqqında geniş məlumat verilib.
Sonra AAF-ın regional inkişaf üzrə vitse-prezidenti tegin Rafiq Qasımovun rəhbərliyi ilə seminar baş tutub. Seminardan sonra isə kəmər dərəcə imtahanı keçirilib.
Seminar və imtahanda AAF-ın Ağdam, Ağcabədi və Laçın filiallarının idmançıları iştirak ediblər.