REGİONLAR
Ağdaşın Tofiqi kəndində şəhid Bəxtiyar Maqsudovun xatirə lövhəsi açılıb
Ağdaş, 19 fevral, AZƏRTAC
Fevralın 19–da Ağdaş rayonunun Tofiqi kəndində Vətən müharibəsində şəhid olan Bəxtiyar Mənsur oğlu Maqsudovun xatirə lövhəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndin giriş yolunun kənarında tikilən xatirə lövhəsinin açılışında rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin məsul işçiləri, Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin sədri, şəhidin yaxınları, döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən, bu qələbədə Bəxtiyar Maqsudov və digər şəhidlərimizin şücaətlərindən danışılıb. Vurğulanıb ki, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirən şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim əziz tutulacaq. Açılış mərasimində çıxış edən şəhidin atası Mənsur Maqsudov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Şəhid atası, habelə xatirə lövhəsinin tikintisində əməyi olanlara və açılışa gələnlərə təşəkkür edib. Tədbirdə Tofiqi kənd tam orta məktəbinin şagirdləri Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Qeyd edək ki, şəhid Bəxtiyar Maqsudov kənddəki tam orta məktəbi bitirdikdən sonra 2014-cü ildə Astara rayonunda N saylı hərbi hissədə həqiqi əsgəri xidmətdə olub. Vətən müharibəsi başlananda atıcı kimi döyüşə qatılıb. Düşmənin xeyli sayda canlı qüvvəsini, döyüş mövqelərini məhv edib. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Şəhid Bəxtiyar Maqsudov dünyaya göz açdığı və böyüyüb boya-başa çatdığı Tofiqli kənd qəbiristanlığında uyuyur.