REGİONLAR
Ağsuda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb
Ağsu, 4 oktyabr, AZƏRTAC
Ağsu rayonunda heyvandarlar cari ilin ötən doqquz ayını uğurlu nəticələrlə başa vurublar. Belə ki, məhsul istehsalı üzrə bütün göstəricilər keçən ilin eyni dövrü ilə müqayisədə artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2022-ci ilin ötən doqquz ayında diri çəkidə ət istehsalı 2021-ci ilin eyni dövründəki göstəriciyə nisbətən 158 ton artaraq 4376 tona çatıb. Süd istehsalı da 268 ton artıb və 27 min 352 ton olub. Doqquz ayda yumurta istehsalı 428 min ədəd artaraq 10 milyon 362 min ədədə, yun istehsalı isə 4 ton çoxalaraq 362 tona çatıb.
Qeyd edək ki, heyvandarlıq Ağsu rayonunda aqrar sektorun aparıcı sahələrindəndir və hazırda bölgədə 38 min 874 baş iribuynuzlu mal-qara, 134 min 568 baş davar var.