ELM VƏ TƏHSİL
Əhməd Ağaoğlu irsinə həsr olunan beynəlxalq tədbir keçiriləcək

Bakı, 30 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə noyabrda görkəmli ictimai-siyasi xadim, türkoloq, publisist Əhməd Ağaoğlu irsinə həsr olunan beynəlxalq tədbir keçiriləcək. Fakültədə həmin beynəlxalq elmi seminara hazırlıq işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a müsahibəsində BDU-nun Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova məlumat verib. K.Nəcəfova bildirib ki, beynəlxalq tədbir Azərbaycanın və Türkiyənin ictimai-siyasi həyatında mühüm fəaliyyəti olmuş Əhməd Ağaoğlunun irsini daha geniş şəkildə araşdırmaq, öyrənmək və təbliğ etmək məqsədilə təşkil olunur.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrdən olan alimlərin iştirak edəcəkləri elmi seminarda Əhməd Ağaoğlu irsinə həsr edilən məruzələr dinləniləcək, müzakirələr aparılacaq.