ELM VƏ TƏHSİL
Akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr edilmiş elmi konfrans
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının təşkilatçılığı ilə akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Həmid Araslı Azərbaycan klassik ədəbiyyatının və folklorunun yorulmaz tədqiqatçısı kimi” mövzusunda elmi konfrans keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Cəfər Cəfərov akademik Həmid Araslının Azərbaycan ədəbiyyatşünaslığının və folklorşünaslığının inkişafında müstəsna xidmətlərindən bəhs edib. Həmid Araslının 110 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamını diqqətə çatdıran rektor bildirib ki, akademik tədqiqatları ilə Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfələr verib. Onun elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyəti də diqqət mərkəzində olub.
Sonra Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev “Azərbaycan ədəbiyyatşünaslığının inkişafında akademik Həmid Araslının rolu”, Ədəbiyyat kafedrasının dosenti Qüdrət Umudov “Akademik Həmid Araslının folklorşünaslıq fəaliyyəti” mövzularında məruzə ediblər.
Tədbirdə Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva və başqaları akademik Həmid Araslının elmi və pedaqoji fəaliyyətindən danışıblar.
Sonda akademik Həmid Araslının qızı AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı atası ilə bağlı xatirələrini bölüşüb.