CƏMİYYƏT
Əkin sahələrində fitosanitar müşahidələr aparılıb
Bakı, 5 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində zərərli orqanizmlərin yayılmasının qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fitosanitar müfəttişlər Bərdə, Tərtər, Yevlax və Ağdam rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birgə əkin sahələrində monitorinq keçiriblər.
Monitorinq zamanı əkin sahələrində 8,8 hektar sahədə təhlükəli karantin alaq otu olan tikanlı quşüzümü ilə sirayətlənmə aşkar edilib. Təhlükəli karantin alaq otunun digər sahələrə yayılmasının qarşısını almaq məqsədilə 4,5 hektar sahədə kimyəvi, 4,3 hektar sahədə isə mexaniki üsulla mübarizə tədbirləri həyata keçirilib. Mexaniki üsulla mübarizə nəticəsində sahələrdən yığılmış tikanlı quşüzümü yandırılaraq məhv edilib.
Dərmanlanmış sahələrin kənarlarına isə kimyəvi mübarizənin aparıldığı barədə xəbərdaredici lövhələr quraşdırılıb.