ELM VƏ TƏHSİL
“Əlaqə mərkəzi təmsilçisi” istiqaməti üzrə təlimin iştirakçılarına sertifikatlar təqdim olunub
Bakı, 18 yanvar, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən keçirilmiş “Əlaqə mərkəzi təmsilçisi” istiqaməti üzrə qısamüddətli təlimlər sona çatıb.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bir ay müddətində davam edən təlimin iştirakçılarına sertifikatlar təqdim olunub. Təlimlər “ASAN xidmət”, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Azerconnect” şirkəti ilə əməkdaşlıq çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilib.
Təlim müddətində iştirakçılar müəssisələrə daxil olan müraciət, irad və şikayətlərin təqib və təhlili, eləcə də mümkün həll yollarının tapılması üzrə bilik və bacarıqlara yiyələniblər. Növbəti aylar ərzində təlimləri uğurla tamamlayan şəxslər “ASAN xidmət”, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Azerconnect” şirkəti tərəfindən işə və ya təcrübəyə cəlb olunacaqlar.
Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığı yüksəltmək, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsini artırmaqdır.