İDMAN
Aldana Saad Al-Mübarək: İslamiadanın hər bir iştirakçısı çempion olmaq arzusundadır
Bakı, 15 may, Əziz Məmmədov, AZƏRTAC
Bu gün həyatımın ən xoşbəxt günlərindən biridir. IV İslam Həmrəyliyi Oyunlarının hər bir iştirakçısı çempion olmaq arzusundadır. Bu gün bütün cəhdlərim uğurla nəticələndi. Mən sadəcə hədəfi düzgün nişan almağa çalışırdım və buna da nail oldum.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Bakı-2017” Oyunlarının 25 metrdən tapança ilə atəşaçma yarışlarının çempionu Aldana Saad Al-Mübarək söyləyib.
Qətərli idmançı Bakı və İslamiadanın təşkili barədə təəssüratlarını bölüşərək deyib: “Bakı və yüksək sürətlə inkişaf edən ölkəniz məndə çox güclü təəssüratlar oyatdı. İslamiada iştirakçıları Bakıda özlərini yaxşı hiss edirlər. Onlar Atletlər kəndində vaxtlarını səmərəli keçirirlər, çünki burada idmançılara hər cür şərait yaradılıb. Hesab edirəm ki, “Bakı-2017” təkcə İslam ölkələri üçün deyil, bütün dünya üçün möhtəşəm hadisədir. Oyunlar inanılmaz dərəcədə yüksək səviyyədə təşkil edilib. Mən mat qalmışam. İnsanlar mehriban və gülərüzdür, bu da mənim üçün çox əhəmiyyətlidir”.