CƏMİYYƏT
Alimlərin İstanbul görüşü ölkələrimiz arasındakı sıx əməkdaşlığın nümunəsidir
İstanbul, 9 dekabr, AZƏRTAC
Artıq bildiyimiz kimi, xaricdə yaşayan çoxsaylı soydaşımız elmlə məşğuldur. Onların çox böyük nailiyyətləri var. Biz beş il əvvəl xaricdəki elm xadimlərimizlə bağlı məlumat bazası yaratdıq. Onların iş istiqamətlərini əhatə edən bu bazada xaricdəki alimlərimizlə bağlı biblioqrafiya səviyyəsində veb-sayt yaradıldı və bütün bu alimlər haqqında məlumatlar ora daxil edildi. Bunun davamı olaraq hər il dünyanın müxtəlif ölkələrində bu alimlərlə kiçik qruplarda görüşlər keçirildi. Azərbaycanın torpaqlarının geri qaytarılması məqsədilə aparılan Vətən müharibəsində bu alimlər bizə dəstək oldular. Onlar yaşadıqları ölkələrdə, universitetlərdə bir alim olaraq öz mövqelərini bildirdilər. Bizimlə yanaşı, bu alimlərin dəstəyi ilə çox sayda insan Şuşaya gəldi və bu proses davam etdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbulda keçirilən azərbaycanlı elm adamlarının görüşündə mediaya müsahibəsində bildirib.
Builki Şuşa Qurultayındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi olaraq xaricdə yaşayan alimlərlə bağlı tapşırıq, tövsiyələrinin olduğunu xatırladan komitə sədri bu prosesin sürətləndirilməsinin vacibliyinin vurğulandığını bildirib.
Qeyd edilib ki, bu insanlar Azərbaycan iqtisadiyyatının, elminin, eləcə də ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artırılmasında bizə dəstək olmalıdırlar. Bu qurultaydan sonra biz ilk görüşü keçirdik və Kanadada, Almaniyada yaşayan alimlərimiz bu işə hazır olduqlarını bildirərək işin başladılması təşəbbüsünü irəli sürdülər. Bugünkü tədbir elm adamlarının hazırlıq görüşüdür. Qarşıdan gələn il üçün Elm və Təhsil Nazirliyi ilə birlikdə böyük bir platformanın yaradılması üzərində işləyirik. Bu görüşdə alimlərimizin bu işi hansı formatda görmək istədikləri məlum olacaq. Diaspor Komitəsi və nazirlik olaraq biz bu prosesə dəstək verəcəyik. Lakin, alimlər gələn il hansı bölmələr üzrə fəaliyyət göstərəcəklərini özləri müəyyənləşdirməlidirlər. Bunun üçün də gənc alimlərə, tələbələrə dəstək göstərilir. Eyni zamanda, xaricdə yaşayan və fəaliyyət göstərən nüfuzlu elm adamlarının Azərbaycanın ali təhsil ocaqlarına gətirilməsi layihəsi də nəzərdə tutulur. Bütün bunlar artıq hazırdır və bu gün görüləcək işlərin yekun müzakirələri aparılacaq. Bizim dünyanın müxtəlif ölkələrindən 25 alimimiz prosesin praktiki olaraq işləyəcək istiqamətləri ilə bağlı qərar qəbul edəcəklər.
Dünya azərbaycanlılarının elm xadimlərinin görüşünün İstanbulda keçirilməsinə toxunan Dövlət Komitəsinin sədri deyib: “Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim üçün tədbirin Bakıda, İstanbulda və ya Şuşada keçirilməsi eyni yanaşmadır. Tədbirin İstanbulda keçirilməsi ölkələrimiz arasındakı sıx əməkdaşlığın nümunəsidir. İsti qarşılanmaya görə hər zaman Türkiyəyə öz minnətdarlığımızı bildiririk. Xaricdəki Türklər və Qohum Topluluqlar İdarəsi ilə çox sıx əməkdaşlığımız var. Tədbirlərin qardaş ölkədə keçirilməsi ilə bağlı qərar qəbul etmişik. Onlar da öz tədbirlərini Bakıda, Şuşada keçirirlər. Bizim üçün bunun digər mahiyyəti odur ki, Türkiyədə çox böyük ali təhsil ocaqları, universitetlər var ki, orada da çox sayda azərbaycanlı işləyir. Bu tədbirlərə onları da cəlb eyməyə çalışırıq”.
Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul