CƏMİYYƏT


Almaniya-Azərbaycan Forumu idarə heyətinin iclası keçirilib  VİDEO

Berlin, 19 iyun, AZƏRTAC

İyunun 18-də Berlin şəhərində Almaniya-Azərbaycan Forumunun (DAF) idarə heyətinin və üzvlərinin növbəti illik iclasları keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək, ölkəmizdəki siyasi-iqtisadi vəziyyət, həyata keçirilən islahatlar və regionda gedən inkişaf barədə danışıb. Səfir Almaniya-Azərbaycan münasibətlərinin hazırkı durumundan və gələcək perspektivlərindən, o cümlədən iki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlıqdan, Almaniya və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən, ölkəmizin həyata keçirdiyi trans-regional təşəbbüslərdən və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakından, Azərbaycanda alman sərmayədarları və turistləri üçün mövcud olan biznes və turizm imkanlarından bəhs edib. Habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin fəsadları, regional əməkdaşlığa və ümumilikdə regionun inkişafına törətdiyi maneələr barədə məlumat verib. Səfir, eyni zamanda, Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin dərinləşməsinə DAF-ın verdiyi töhfəni vurğulayıb.

Almaniya-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şleyer çıxış edərək səfirliyin təşkilatçılığı və rəhbərlik etdiyi qurumun iştirakı ilə son bir ildə həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb. Eləcə də yeni layihələr, o cümlədən DAF idarə heyətinin cari ilin sentyabr ayına nəzərdə tutulmuş Azərbaycana səfəri, Yeni İpək Yolu, ərazi münaqişələri mövzusunda elmi konfranslar və Xocalı soyqırımı ilə əlaqədar keçirilən ənənəvi simpozium barədə məlumat verən Şleyer ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu bildirib. O, həmçinin Almaniyanın “dual” peşə təhsili modeli əsasında ölkəmizdə ixtisaslı kadrların yetişdirilməsinə dair fikirlərini bölüşüb.

Sonra idarə heyəti üzvləri çıxış ediblər.

İclasda DAF idarə heyəti sədrinin və xəzinədarın hesabatları dinlənilib, forumun gələcək fəaliyyəti müzakirə olunub. Təşkilatın qəyyumlar şurasının növbəti toplantısının cari ilin avqust-sentyabr aylarında keçirilməsi qərara alınıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.