DÜNYA
Almaniya XİN rəhbəri: Bugünkü Rusiya ilə normal münasibətlər qeyri-mümkündür
Bakı, 27 dekabr, AZƏRTAC
Almaniya hakimiyyəti bugünkü Rusiya ilə normal münasibətləri mümkün hesab etmir.
AZƏRTAC xəbər verir ki, bunu Rumıniyanın “Digi 24” telekanalına müsahibəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Aydın danışmalıyıq, bugünkü Rusiya ilə normal münasibətlər ola bilməz”, - deyə nazir Almaniyanın Ukraynada münaqişə davam etdiyi müddətdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini qeyd edib.
A.Berbok əlavə edib ki, Ukrayna bu münaqişə zamanı digər məsələlərlə yanaşı, Avropanın azadlığını da müdafiə edir, ona görə də Almaniya lazım olduğu qədər onun yanında olacaq. “Bu həm maliyyə, həm humanitar yardıma, həm də hərbi yardıma aiddir”, - deyə nazir əmin edib.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bir müddət əvvəl Ukraynanın Avropa İttifaqına üzvlükdə yolunun uzun və bir qədər çətin olacağını bildirmişdi. Bununla belə, o qeyd edib ki, Avropa ölkələri Ukraynanı dəstəkləmək üçün əlindən gələni edir, onun ittifaqa daxil olmasına yol açır.