İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu Türkiyənin “Tasarruf Mevduatı Sigorta Fonu” ilə Anlaşma Memorandumu imzalayıb

Bakı, 9 may, AZƏRTAC

Beynəlxalq əməkdaşlığa böyük önəm verən Əmanətlərin Sığortalanması Fondu əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, ölkəmizdə əmanətlərin sığortalanması sisteminin inkişafı istiqamətində aparıcı ölkələrin ən qabaqcıl təcrübələrini öyrənmək üçün beynəlxalq qurumlarla və bu ölkələrin müvafiq sahədə fəaliyyət göstərən orqanları ilə əməkdaşlıq edir və bu bağların daha da genişləndirilməsinə xüsusi diqqət ayırır.

Bu çərçivədə Azərbaycan qardaş Türkiyə ilə xüsusilə də maliyyə-bank sahəsi üzrə sıx əməkdaşlıq əlaqələri yaratmışdır. Əməkdaşlığın dərinləşdirilməsi və prosesin intensivləşdirilməsi məqsədilə mayın 9-da Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev Türkiyənin “Tasarruf Mevduatı Sigorta Fonu”nun (TMSF) İdarə Heyətinin sədri – Fatin Rüştü Karakaş ilə İstanbul şəhərində Anlaşma Memorandumu imzalamışdır.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, Anlaşma Memorandumunda ƏSF ilə TMSF arasında əmanətlərin sığortalanması sahəsində birgə beynəlxalq əməkdaşlığı təşviq etmək, eləcə də təməli 1983-cü ildə qoyulan və 1994-cü ildə baş vermiş iqtisadi böhran nəticəsində səlahiyyətləri genişləndirilmiş (əmanətlərin sığortalanması ilə yanaşı, TMSF-ə bankların maliyyə vəziyyətinin gücləndirilməsi və zərurət yarandıqda onların restrukturizasiyası tapşırılmışdır) “Tasarruf Mevduatı Sigorta Fonu”nun qabaqcıl təcrübəsindən yararlanaraq, ƏSF-in ləğvetməsində olan bankların ləğv prosesini çevik və sürətli şəkildə başa çatdırılması prosesini təkmilləşdirmək, ölkəmizdə əmanətlərin sığortalanması sisteminin inkişafını gücləndirmək və maliyyə savadlılığını artırmaq məqsədi başlıca məna kəsb edir.

Qeyd edək ki, Memorandum çərçivəsində əsas əməkdaşlıq istiqamətləri və hədəfləri, əmanətlərin sığortalanması sisteminin inkişafına müsbət töhfəsi, ƏSF TMSF-in qabaqcıl təcrübəsindən yararlanmaqla, bankların ləğv prosesinin optimallaşdırılmasını həyata keçirmək məqsədilə Fondun potensiallı insan resurslarının təcrübi və nəzəri biliklərinin artırılmasına dəstəyin göstərilməsini, aktivlərin idarəedilməsi prosesinin səmərəliliyinin artırılmasını və kompensasiyaların ödənilməsinin sürətləndirilməsini təmin etməkdir.

Xüsusilə də təcrübə mübadiləsi çərçivəsində ƏSF-in Maliyyə, Arxiv, Risk, habelə Beynəlxalq və İctimaiyyətlə əlaqələr üzrə struktur bölmələrinin əməkdaşları bu gündən etibarən mayın 13-dək TMSF-in təcrübəli kadrları və təlimçiləri tərəfindən həyata keçirilən təlimlərə qoşulacaq.

Xatırladaq ki, bu yaxınlarda ƏSF Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində rəsmi görüş keçirib. Görüş zamanı Dünya Bankı ilə ƏSF-in fəaliyyət istiqamətləri və inkişaf perspektivləri haqqında ətraflı müzakirələr aparılıb. Əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, indiki dövrün çağırışı olan rəqəmsallaşma yolunda ƏSF tərəfindən elektron auksion platformasının və kreditorlar üçün yeni xüsusi portalın yaradılması istiqamətin düzgün və çevik şəkildə seçilməsinin nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.