CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sığortaolunanlar haqqında məlumatların təqdim olunmamasına görə sığortaedənlərə xəbərdarlıq edib
Bakı, 4 avqust, AZƏRTAC
Ölkədə 2006-cı ildən sığorta-pensiya sisteminin əsası olan fərdi uçot sistemi fəaliyyət göstərməkdədir. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na uyğun olaraq sığortaedən hər il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləğlərini əks etdirən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (2006-2016-cı illər üzrə), həmçinin ötən il aprelin 1-dən tətbiq olunmuş fərdi uçot əsaslı vahid rüblük hesabatlarını təqdim edərkən ödənilmiş vəsaitin işçiləri arasında konkret adlı siyahı üzrə düzgün bölgüsünü aparmağa da borcludur.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqları əsasında pensiya məbləğləri müəyyənləşdirilir. Lakin DSMF tərəfindən qanunauyğun tədbirlərin görülməsinə baxmayaraq, bəzi sığortaedənlər tərəfindən hesabatlar tam təqdim olunmayıb. Bu səbəbdən nazirliyə fərdi şəxsi hesablarda məbləğləri tam əks olunmayan sığortaolunanlar tərəfindən haqlı şikayətlər daxil olur.
Hesabatların vaxtında, düzgün və tam təqdim olunması üçün sığortaedənlər tərəfindən lazımi işlərin həyata keçirilməsi zəruridir.
Qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 477-ci maddəsinə müvafiq olaraq cərimə tətbiq olunacaq. Ətraflı məlumat üçün sığortaedənlər uçotda olduqları DSMF-nin yerli orqanına müraciət edə bilərlər.