İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaş müraciətləri onlayn bağlantı əsasında dinlənilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) növbəti virtual vətəndaş qəbulu keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, hər bir vətəndaş müraciətinə qayğı və həssaslıqla yanaşılmasını fəaliyyətində əsas tutan ƏMDK innovativ imkanları cəlb etməklə prosesi müasir formada təqdim edir. Belə ki, komitə tərəfindən virtual qəbulların təşkili insan amilinin gücləndirilməsinə, komitə rəhbərliyinin regionlardakı vətəndaşlarla birbaşa ünsiyyətinə və müraciətlərinin dinlənilməsinə imkan verir. Onlayn qəbullar ilə vətəndaşlar komitəyə gəlmədən, uzaq məsafə qət etmədən müraciətlərini operativ formada rəhbərliyə ünvanlayırlar.
Komitənin sədr müavini Rüstəm Şahbazov tərəfindən keçirilən qəbulda Abşeron və Şirvan rayonlarında olan vətəndaşların hər bir müraciəti müvafiq ərazi idarəsindən onlayn bağlantı əsasında qəbul olunub. Kollegial formada keçən qəbulda komitə ilə yanaşı, ərazi şöbələrinin nümayəndələri də iştirak edib. Müraciətlərdən bəziləri elə virtual qəbulda öz müsbət həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı sədr müavini yerli qurum nümayəndələrinə yerindəcə müəyyən tapşırıqlar verib.
Onlayn qəbul zamanı səsləndirilən müraciətlər, əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlaklarının özəlləşdirilməsi, torpaqların kadastr uçotuna alınması, o cümlədən dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı olub.
Vətəndaş məmnunluğu və rahatlığına yönəlmiş virtual qəbullar Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi tərəfindən müxtəlif bölgələr üzrə mütəmadi olaraq keçiriləcək.