CƏMİYYƏT


Aprel və İyul döyüşləri şəhidlərinin övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarına əsasən, 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşləri zamanı Vətən uğrunda şəhid olmuş hərbçilərin 18 yaşına qədər olan övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. Bu qərara əsasən, 23 şəhidin 41 övladı himayəyə götürülmək üçün qeydə alınıb.

Konfederasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 7-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin tapşırığı ilə xidmət əhatəsində olan Qazax Rayon Komitəsinin nümayəndələri Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş mayor Əhmədov Namiq Hajan oğlunun məzarını ziyarət edib, şəhidin ailəsinə baş çəkib və onun ailə üzvləri ilə həmsöhbət olublar. Şəhidin ailə üzvləri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının İcraiyyə Komitəsinin “Ermənistan Respublikasının Azərbaycana qarşı törətdiyi təcavüz və təxribatlarla əlaqədar 2016-cı il aprelin 2-5-də və 2020-ci il iyulun 12-14-də döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçuların uşaqlarının AHİK-in üzv təşkilatları tərəfindən himayəyə götürülməsi haqqında” 2020-ci il 13 avqust tarixli qərarı ilə tanış ediliblər.

Qərara əsasən, şəhid mayor Namiq Əhmədovun iki azyaşlı övladı - 6 yaşlı Nigar və 10 yaşlı Məhəmməd Əhmədovlar 18 yaşa çatanadək Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin himayəsinə götürülüb və hər ay onların hər birinə 150 (bir yüz əlli) manat yardım ediləcək.

Qeyd olunan vəsait artıq sentyabrın 1-də MİHİ Respublika Komitəsi tərəfindən həyata keçirilib.

Bundan əlavə, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən şəhid ailəsinə bir sıra məişət avadanlıqları hədiyyə edilib. Həmçinin ailənin bu il ilk dəfə məktəbə gedəcək qız övladı Nigara və məktəbli Məhəmmədə zəruri məktəb ləvazimatları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.