REGİONLAR
“Aqrolizinq”in Gəncədəki təchizat bazasına Almaniyadan 176 baş damazlıq heyvan gətirilib
Gəncə, 2 fevral, Rauf Hacıyev, AZƏRTAC
“Aqrolizinq”in Gəncədəki təchizat bazasına Almaniyadan damazlıq məqsədilə 176 baş “Holşden Friz” cinsindən olan südlük heyvanlar gətirilib.
Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev AZƏRTAC-a bildirib ki, heyvanlar gətirilməmişdən öncə təchizat bazasında bir sıra profilaktik tədbirlər yerinə yetirilib, ərazidə tam olaraq mexaniki təmizləmə işləri aparılıb.
Heyvanların südlük istiqamətli 18-20 aylıq düyələr olduğunu deyən idarə rəisi qeyd edib ki, şəhər Baytarlıq İdarəsinin həkimləri heyvanlardan seroloji müayinələr üçün qan nümunələri götürüb, dabaq əleyhinə peyvənd vurublar. Cins mallar bir ay karantin müddətində baytar həkimlərin nəzarəti altında olacaq. Daha sonra isə lizinq yolu ilə fermerlərə satılacaq.
Ötən il Gəncə Regional Təchizat Bazasına Almaniya və Avstraliyadan ətlik və südlük istiqamətli 746 baş heyvan gətirildiyini deyən Bayandur Rzayev vurğulayıb ki, məhsuldarlığı ilə seçilən iribuynuzlu heyvanlara ölkəmizdə tələbat artdığından Kənd Təsərrüfatı Nazirliyi ildən-ilə idxal olunan cins heyvanların sayını artırır.