DÜNYA
Aralıq dənizində 400-ə qədər mühacir batıb VİDEO
Bakı, 15 aprel, AZƏRTAC
Aralıq dənizində qeyri-qanuni mühacir daşıyan qayığın batması nəticəsində 400 nəfərə qədər adam həlak olub. Bu barədə məlumat qayığın batmasını izləyən digər mühacirlərin sözləri əsasında verilir. Həlak olanlar haqqında informasiya hələ ki, başqa mənbələr tərəfindən təsdiqini tapmayıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, son günlər İtaliyaya Şimali Afrikadan və Yaxın Şərqdən mühacir axını rekord həddə çatıb. Belə ki, son dörd sutka ərzində 8500 mühacir bu ölkəyə keçməyi bacarıb.
Roma Avropa İttifaqından bu insanların taleyi ilə bağlı məsuliyyətə ortaq olmağı tələb edir.
Bu sahədə əsas problemlərdən biri Avropa ölkələrinin birindən sığınacaq istəyən şəxsin digər ölkəyə getməsinə qadağa qoyan mühacirət haqqında hazırkı qanundur. Beləliklə də, İtaliya onun sahillərinə çatan qeyri-leqal mühacirləri xaricə göndərə bilmir. Təkcə keçən il ölkə 170 mindən artıq mühacir qəbul etmək məcburiyyətində qalıb.