ORDU
“Əsgərlərlə bir gün” adlı mədəni-kütləvi tədbir keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “N” hərbi hissəsində şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “Əsgərlərlə bir gün” adlı mədəni-kütləvi tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri, “Azərbaycanın Səsi - Bala” musiqi müsabiqəsinin gənc istedadları və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi mayor İlkin Qayıbov və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi sədrinin müavini Rəhim Mehdiyev hərbi hissədə təşkil olunan mədəni-kütləvi tədbirin önəmindən və bu tədbirin hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığına müsbət təsirindən danışıblar.
Mədəni-kütləvi tədbirin bədii hissəsində müğənni Elnur Məmmədov və “Azərbaycanın Səsi - Bala” yarışmasının iştirakçıları şəxsi heyət qarşısında konsert proqramı ilə çıxış ediblər.